Bakıda «Dövlət idarəetmə
orqanlarının sənəd-informasiya təminatı:
müasir vəziyyət və inkişaf perspektivləri»
mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə
başlamışdır
İyunun 28-də Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyinə həsr olunmuş "Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda Beynəlxalq elmi-praktik konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə respublikanın kitabxana işi sahəsində görkəmli mütəxəssisləri və bu işlə əlaqəli bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, on xarici ölkədən - Türkiyə, Belarus, Gürcüstan, Litva, Macarıstan, Moldova, Rumıniya, Rusiya və Ukraynadan nümayəndələr iştirak edirlər.
Qonaqların əksəriyyəti ali dövlət icra və qanunvericilik orqanlarının kitabxana-biblioqrafik və sənəd informasiya təminatı ilə məşğul olan qurumlarının mütəxəssisləridir.
Əvvəlcə tədbir iştirakçıları Prezident Kitabxanasının incəsənət ədəbiyyatı zalında "Əsirlikdə olan mədəni abidələrimiz" mövzusunda fotosərginin və internet zalında "Azərbaycan motivləri" adlı rəsm sərgisinin açılışında iştirak etmişlər.
Tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov konfransın məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, konfransın məqsədi kitabxananın 2008-ci ildə qeyd edilmiş beşillik yubileyində olduğu kimi, onillik yubileyində də qazanılmış nailiyyətləri ümumiləşdirmək, mütəxəssislərin və alimlərin iştirakı ilə müzakirələr aparmaq, həmkarların təcrübəsini öyrənmək və tətbiq etməkdir. Konfransda dünyanın bir sıra ölkələrində ali dövlət qurumlarının sənədlərlə və biblioqrafik informasiya ilə təmin edilməsinin aktual məsələləri müzakirə olunacaqdır.
M.Əhmədov vurğulamışdır ki, ikigünlük beynəlxalq konfrans həm ölkəmizdə ali dövlət orqanlarının sənəd-informasiya təminatının təkmilləşdirilməsi işinə yardım edəcək, həm də respublikamızda bu sahədə görülmüş işlərin elmi təhlili və dünya miqyasında təbliğinə bir vəsilə olacaqdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini Oqtay Şahbazov bildirmişdir ki, Prezident Kitabxanası 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunmuşdur. Həmin vaxtdan etibarən İşlər İdarəsi dövlət başçısının göstərişləri əsasında kitabxananın müasir mədəniyyət ocağı və informasiya mərkəzi kimi formalaşması üçün nəzərdə tutulan işlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsini təmin etmişdir.
O.Şahbazov vurğulamışdır ki, Prezident İlham Əliyev 2006-cı ildə kitabxanada olmuş, onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Azərbaycan Prezidenti kitabxanadan həm də alim və tədqiqatçıların, geniş oxucu kütləsinin istifadə etmələri üçün imkan yaradılmasını tapşırmışdır. Bütün bunlar dövlət başçısının mədəniyyətin vacib sahəsi kimi kitabxana işinə göstərdiyi xüsusi diqqət və qayğının parlaq nümunəsidir.
Konfransda Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya "Prezident Kitabxanası - 10 il" mövzusunda təqdimatla çıxış etmişdir.
Təqdimatda bildirilmişdir ki, Prezident Kitabxanası 2003-cü il yanvarın 23-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə respublikanın zəngin tarixə, maraqlı ənənələrə malik iki kitabxanasının - 1870-ci ildə yaradılmış Bakı Şəhər Mərkəzi Kitabxanasının və 1920-ci ildən fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Maarif Evinin Kitabxanasının bazasında yaradılmışdır.
2004-cü il dekabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva kitabxanada olmuş, burada görülmüş işlərlə maraqlanmış, əməkdaşlara dəyərli tövsiyələr vermişdir. 2005-ci il dekabrın 9-da isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə kitabxanaya İşlər İdarəsinin sektoru statusu verilmişdir. Həmin vaxtdan etibarən kitabxananın bütün əməkdaşları dövlət qulluqçularıdır.
K.Sarıcalinskaya vurğulamışdır ki, ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında fəaliyyətin bütün istiqamətlərinin ardıcıl olaraq təkmilləşdirilməsi həyata keçirilmiş, maddi-texniki baza gücləndirilmiş, yeni metod və texnologiyalar mənimsənilmiş, kadrların bilik və peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür.
2006-cı il iyunun 27-də Prezident İlham Əliyev İşlər İdarəsinin Kitabxanasına gələrək onun fəaliyyəti ilə yaxından tanış olmuş, müasir informasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə maraqlanmış, fondun daha da zənginləşdirilməsi və kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlar vermişdir. Bu tapşırıqlara müvafiq olaraq, kitabxana ən müasir fərdi kompyuterlər və digər hesablama qurğuları, şəbəkə texnikası, çap üçün avadanlıq və s. ilə təchiz edilmişdir.
2009-cu il iyulun 22-də dövlət başçısının müvafiq sərəncamı ilə Prezident Kitabxanasına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusu verilmişdir.
Prezident Kitabxanasının missiyasından və strukturundan danışan K.Sarıcalinskaya demişdir ki, onun başlıca missiyası ali dövlət orqanlarında və digər icra qurumlarında çalışan dövlət qulluqçularına, eləcə də informasiya maraqları kitabxananın profilinə uyğun olan digər tələbatçılara kitabxananın fondunda olan sənədlərlə, burada yaradılan müxtəlif ilkin sənəd və biblioqrafik informasiya resursları ilə mükəmməl kitabxana-biblioqrafiya xidməti göstərməkdir. Kitabxananın təşkilati-idarəetmə strukturuna beş funksional şöbə və onların tərkibində olan yeddi bölmə daxildir. Kitabxananın elmi katibi şöbə və bölmələrin funksional vəzifə və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermişdir.
Kitabxananın fondu ilə bağlı məlumat verən K.Sarıcalinskaya bildirmişdir ki, Prezident Kitabxanasının fonduna on il ərzində 41.857 nüsxə kitab, kitabça, avtoreferat və digər sənədlər, not, kompakt disk daxil olmuşdur.
Kitabxananın nadir ədəbiyyat fondunda XVI-XIX əsrlərdə və XX əsrin əvvəllərində müxtəlif dillərdə nəşr olunmuş zəngin ədəbiyyat nümunələri toplanmışdır. Burada saxlanılan 1088 adda kitab respublika kitab abidələrinin dövlət reyestrinə daxil edilmişdir. Fondun bu bölməsində dünyanın 22 dilində 11.868 adda, 13.270 nüsxə kitab saxlanılır.
K.Sarıcalinskaya qeyd etmişdir ki, kitabxananın incəsənət ədəbiyyatı fondu respublikada incəsənətə dair ən zəngin ədəbiyyat kolleksiyalarındandır. Burada 50 min nüsxədən artıq ədəbiyyat- təsviri incəsənətə, memarlığa dair kitab, albom formasında nəşrlər, o cümlədən 20 min nüsxədən artıq klavirlər, not nəşrləri və bəzi digər nəşrlər toplanmışdır. Fondda incəsənətin müxtəlif sahələrinə dair nadir kitablar da saxlanılır.
Natiq bildirmişdir ki, Prezident Kitabxanasının ən zəngin kolleksiyalarından biri də dövri nəşrlər fondu hesab olunur. Bu fondda əhəmiyyətli dövri nəşrlərin komplektləri saxlanılır, onların mühafizəsi və istifadəsi üçün lazımi şərait yaradılır. 2012-ci ildə dövri mətbuat fonduna Azərbaycan, rus və digər dillərdə 350 adda qəzet, jurnal, ardı davam edən nəşr daxil olmuşdur.
Kitabxananın
onillik fəaliyyəti ərzində
bir sıra əhəmiyyətli işlərin yerinə
yetirildiyini söyləyən K.Sarıcalinskaya demişdir ki, bu bilik mənbəyində
bütün kitabxana-biblioqrafik proseslərini
avtomatlaşdırmağa imkan verən İRBİS 64
Kitabxanaların Avtomatlaşdırılması Sisteminin tam
versiyası tətbiq edilmişdir. Kitabxana fondunun komplektləşdirilməsi,
kataloqun yaradılması, biblioqrafik vəsaitlərin tərtibi,
biblioqrafik axtarış, oxucuların uçotu, kitab
verilişinin qeydi və digər proseslər bu sistemin
imkanları sayəsində yerinə yetirilir. Bu sistem kitabxana
proseslərini dəfələrlə sürətli, yüksək
keyfiyyətli, əməyə və vaxta qənaətlə
yerinə yetirməyə imkan yaradır. Sistem həm də
oxuculara kitabxanada hazırlanmış tammətnli verilənlər
bazasından istifadə etməyə imkan verir.
Elektron sənədlərin yaradılması və istifadəsi texnologiyalarının geniş yayılması müasir dünya kitabxanaçılığında bu sahəyə diqqəti artırmışdır. Prezident Kitabxanasında da həmin meyillərə uyğun olaraq müxtəlif mövzulu və təyinatlı tammətnli sənəd-informasiya toplularının yaradılması sahəsində xeyli iş görülmüşdür. Elektron sənəd-informasiya ehtiyatlarının yaradılması sahəsində ən əhəmiyyətli iş e-resurs və e-layihə tipli topluların təşkilidir. İndiyədək kitabxanada 12 adda e-resurs və 10 adda e-layihə yaradılmışdır.
Bunlara
misal olaraq "Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin
nitqləri, çıxışları, müsahibələri,
bəyanatları: 2003-2013", "İlham Əliyev və Azərbaycanın
neft diplomatiyası", "Əsrin müqaviləsi",
"Azərbaycanda Olimpiya hərəkatı", "Xoşməramlı
səfir" və başqa e-resursları, "Heydər Əliyev:
Elektron Sənədlər toplusu", "Azərbaycan
Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti",
"Odlar Yurdu Azərbaycan", "XX əsrin faciəsi -
Xocalı soyqırımı", "Azərbaycan. Dövlət
rəmzləri və atributları", "İrəvan
şəhəri" və başqa e-layihələri qeyd etmək
mümkündür.
K.Sarıcalinskaya bildirmişdir ki, bu toplular yaradılarkən rəsmi
sənədlərdən, kitablardan, məqalələr məcmuələrindən,
jurnal və qəzet məqalələrindən, internetdə
yerləşdirilmiş materiallardan və s. istifadə edilir.
Kitabxanada həm də digər növlü, tammətnli sənəd
resursları, ən əhəmiyyətli kitabların, dövri
mətbuatda dərc edilmiş məqalələrin elektron
versiyaları yaradılaraq istifadəçilərə təqdim
edilir. Kitabxananın çox zəngin veb-saytı vardır.
Yuxarıda qeyd edilən resursların hamısı həmin
sayt vasitəsilə istifadəçilərin ixtiyarına
verilmişdir.
K.Sarıcalinskaya
daha sonra məlumat bülletenləri, Prezident Kitabxanasında
yaradılmış biblioqrafik göstəricilər sistemi,
"elektron kitablar", kitabxananın beynəlxalq əlaqələri
haqqında geniş məlumat vermişdir.
Kitabxananın
elmi katibi vurğulamışdır ki, Prezident
Kitabxanasının kollektivi
yaradıcı və təşəbbüskar bir
kollektivdir. Kitabxana sistemindəki yeniliklər, tətbiq
olunan texnologiyalar burada göstərilən xidməti
daha da təkmilləşdirməyə, daha zəngin informasiya
resursları yaradaraq istifadəyə verməyə kömək
edir.
Mədəniyyət
və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova
təmsil etdiyi qurum adından Prezident Kitabxanasının
kollektivini əlamətdar yubiley münasibətilə təbrik
etmiş, onlara daha böyük uğurlar arzulamışdır.
Sonra
Prezident Kitabxanasının məsləhətçisi Tuncay
Hüseynzadə kitabxananın saytının yenilənmiş
variantını təqdim etmişdir. Saytın
üstünlüklərindən danışan T.Hüseynzadə
yeni internet resursunun bu gündən istifadəçilərin
ixtiyarına verildiyini bildirmişdir.
Rusiyanın
Boris Yeltsin adına Prezident Kitabxanasının baş direktoru
Aleksandr Verşininin konfrans iştirakçılarına
videomüraciəti səsləndirilmişdir.
Tədbirdə
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının
direktoru Kərim Tahirovun "Milli kitabxana cəmiyyətin
informasiya tələbatının ödənilməsinin əsas
mərkəzi kimi", Rusiyanın Boris Yeltsin adına Prezident
Kitabxanasının informasiya resursları üzrə direktoru
Yelena Jabkonun "Prezident Kitabxanası və Rusiyanın
informasiya landşaftı: inkişaf istiqamətləri",
Belarus Respublikası Prezident Kitabxanası direktorunun müavini
Lyudmila Naumovanın "Sənəd-informasiya təminatı
sahəsində Belarus Prezident Kitabxanasının iş təcrübəsi",
Türkiyə Böyük Millət Məclisi (TBMM) kitabxana və
arxiv xidmətinin rəhbəri Mehmet Toprakın "TBMM-də
sənəd və biblioqrafik informasiya xidmətinin aspektləri",
Bakı Dövlət Universitetinin kitabxanaçılıq
kafedrasının müdiri, professor Abuzər Xələfovun
"Prezident Kitabxanasının
yaranması tarixindən" və digər mövzularda
məruzələr dinlənilmişdir.
Mövzular
ətrafında müzakirələr aparılmış,
suallar cavablandırılmışdır.
Beynəlxalq
konfrans iyunun 29-da Prezident və Parlament kitabxanaları rəhbərlərinin
müşavirəsi ilə işini davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2013.- 29 iyun.- S.8.